Sıratağlı dini - memarlıq kompleksi

Azərbaycanın zəngin maddi-mədəni irsinin daşıyıcısı olan İçəri Şəhər ərazisində tarixi əhəmiyyəti olan yüzlərlə abidə mövcuddur. Bu abidələrdən biri də Qız qalasının şimal tərəfində yerləşən Sıratağlı dini-memarlıq kompleksidir. Son vaxtlara qədər "Bazar meydanı" adlandırılan bu ərazi İçəri Şəhərin ölkə əhəmiyyətli abidələrindən biridir. Sıratağlı dini-memarlıq kompleksi XX əsrin 60-cı illərində Qız qalasının ətrafında köhnə evlər sökülərkən təsadüf nəticəsində aşkar olunmuşdur. Sıratağlı abidə minilliklər ərzində Azərbaycan ərazisində bir-birini əvəz edən dinlər üçün müqəddəs ibadətgah olmuşdur.

Sıratağlı dini-memarlıq kompleksində nümayiş olunan "İçərişəhər" tarixi muzeyinin bədii daş yonma sənəti nümunələrinin ekspozisiyası yenidən 2010-cu ilin mart ayında açılmışdır. Burada Avstriya mütəxəssisləri tərəfindən müasir muzey ekspozisiyasının tələblərinə uyğun təmir və tərtibat işləri aparılmışdır.Daş yonma sənəti yüksək inkişaf etmiş tətbiqi-dekorativ sənət sahəsidir. Orta əsrlərdə bədii daş yonma sənəti memarlıq və qəbirüstü abidələrdə geniş tətbiq olunurdu. Mahir ustalar - həkkaklar, xəttatlar abidələrin üzərini bədii nümunələrlə yanaşı naxış elementləri ilə də zənginləşdirirdilər. Ekspozisiyada təqdim olunan abidələr tunc dövründən başlayaraq geniş bir tarixi dövrü əhatə edir.

Bütpərəstlik dövrünün heykəlləri əzəmətliliyi ilə fərqlənir.Xristian dövrünə aid qəbirüstü abidələrin üzərində alban xaçı təsvirlərinə rast gəlinir. İslam dövrü qəbirüstü abidələrinin formasında olan - baş daşı, sənduqə, qoç, at heykəlli məzar daşları geniş təqdim olunur. Baş daşları, sənduqə formalı məzar daşları həndəsi və nəbati ornamentlərlə, müxtəlif sujetli kompozisiyalarla bəzədilir, mərhumun cinsini və hansı peşə sahibi olduğunu nümayiş etdirirdi. İslam dövrü məzar daşları həndəsi və nəbati ornamentlərlə, quran ayələri məzmun parçalarla bəzədilmişdir.

İş vaxtı: 10.00 - 18.00

Telefon: (+99412) 492 32 61